Abstract:
Bu layihə əsaslı tədqiqat Gürcüstanın Kvemo Kartli bölgəsində təhsil alan yuxarı sinif
şagirdlərinin peşə təhsilinə münasibətini, marağın aşağı olmasının səbəblərini və bu sahəyə
marağın artırılması üçün zəruri ehtiyacları müəyyənləşdirməyi qarşısına məqsəd qoyur.
Tədqiqatda keyfiyyət yönümlü metodologiyanın fenomenoloji yanaşması tətbiq edilmişdir.
Araşdırma Kvemo Kartlidə yerləşən üç ictimai məktəbdə həyata keçirilmiş, sadə
təsadüfi seçim üsulu ilə 15 yuxarı sinif şagirdi ilə yarı-strukturlaşdırılmış müsahibələr
aparılmışdır. Məlumat toplama aləti kimi 10 sualdan ibarət yarı-strukturlaşdırılmış müsahibə
vərəqindən istifadə olunmuşdur.
Tədqiqat nəticələri göstərir ki, şagirdlər arasında peşə təhsilinə maraq ümumilikdə aşağı
səviyyədədir. Bu vəziyyətin başlıca səbəbləri sırasında peşə təhsili və mövcud ixtisaslar barədə
yetərli məlumatın olmaması, ailə və cəmiyyətin ali təhsilə üstünlük verməsi, peşə təhsilinin
sosial dəyərinin aşağı qiymətləndirilməsi, qəbul prosedurlarının və gələcək karyera
imkanlarının qeyri-müəyyənliyi qeyd olunur. Nəticədə, şagirdlər peşə təhsilini əsas seçimdən
çox alternativ bir çıxış yolu kimi qəbul edirlər. Araşdırma eyni zamanda vurğulayır ki, peşə təhsilinə marağın artırılması üçün
genişmiqyaslı maarifləndirmə tədbirləri, müasir və cəlbedici tədris mühiti, əmək bazarının
tələblərinə uyğun yeni ixtisasların yaradılması və valideynləri də əhatə edən informasiya
təşəbbüsləri mühüm rol oynaya bilər. Şagirdlər daha çox vizual, interaktiv və praktik
təqdimatlara məruz qaldıqda bu sahəyə maraqları əhəmiyyətli dərəcədə artır.
Son nəticə olaraq, tədqiqat həm problemin əsas səbəblərini, həm də onun aradan
qaldırılması üçün tətbiq oluna biləcək praktiki yanaşmaları təqdim edərək peşə təhsilinə
münasibətin dəyişdirilməsinə töhfə verməyi hədəfləyir.