Abstract:
Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin sayında hər il azalma müşahidə
edilməklə yanaşı ana dilinin tədrisində də ciddi problemlər yaşanmışdır. 2006-cı ildə İlya Dövlət
Universitetinin Azərbaycan dili və ədəbiyyat ixtisasına tələbə qəbulu dayandırıldıqdan sonra
Gürcüstanda Azərbaycan dili və ədəbiyyat fənni üzrə yeni kadrların hazırlanması
dayandırılmışdır. Nəticədə, məktəblərdə ana dili üzrə kadr çatışmazlığı meydana çıxmış, ana
dilini tədris edən qeyri-ixtisas fənn müəllimlərinin sayı çoxalmışdır. Ana dili üzrə dərs
saatlarının azaldılması, dərsliklərin tərcüməsi zamanı kobud səhvlərə yol verilməsi, məktəblərdə
ana dilini tədris edən qeyri-ixtisas fənn müəllimlərinin çoxalması, ana dili üzrə buraxılış
(attestat) imtahanının ləğv edilməsi şagirdlərdə Azərbaycan dilinin mənimsənilməsində
çətinliklər yaratmışdır. Bu tədqiqatın əsas məqsədi Gürcüstanda fəaliyyət göstərən
azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dili üzrə bilik səviyyəsinə təsir edən
amilləri müəllim və şagirdlərin baxış bucağından tədqiq etməkdir. Mövzunun tədqiq edilməsində
keyfiyyət tədqiqat metodundan istifadə edilmiş və 18 şagird arasında 3 fokus qrup müzakirə, 4
müəllim arasında isə yarı strukturlaşdırılmış müsahibə keçirilmişdir. Tədqiqat iştirakçıları
məqsədli seçmə yolu ilə şəhər və kənd məktəbləri daxil olmaqla Gürcüstanda fəaliyyət göstərən
4 azərbaycandilli məktəblərdən seçilmişdir. Təhlil zamanı həm şagirdlər, həm də müəllimlər ana
dilinin mənimsənilməsinə təsir edən əsas amillər kimi müəllimin fənn üzrə bilik səviyyəsini,
Azərbaycan dili üzrə buraxılış imtahanının olmamasını, ana dili üzrə dərs saatlarının azaldılmasını, digər fənlər üzrə dərsliklərin gürcü dilindən Azərbaycan dilinə tərcüməsi zamanı
kobud səhvlərə yol verilməsini, valideynlərin övladlarını gürcüdilli məktəblərə qoymalarını qeyd
etmişdilər. Əlavə olaraq müəllimlər ana dilinin mənimsənilməsində Azərbaycan dili ilə bağlı
əlavə tədbir və müsabiqələrin keçirilməsinin vacib olmasını, şagirdlər isə Gürcüstan dövlətinin qoyduğu qayda-qanunların, qadağaların mənfi təsirini vurğulamışdılar. Tədqiqatın nəticəsi olaraq
əldə edilən tapıntıların Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi və digər təhsil siyasəti ilə
məşğul olan qurumları üçün etibarlı mənbə rolunu oynayacağını nəzərə alaraq Azərbaycan
dilinin inkişafı ilə bağlı müəyyən təkliflər hazırlanmışdır.