Abstract:
Təhsil insanlara bilik, bacarıq, dəyərlər verən bir proses olmaqla yanaşı həm də
həyata hazırlıq mərhələsidir. Cəmiyyətin bərabərhüquqlü üzvünə çevrilmək və
hərtərəfli inkişaf etmək istəyən hər bir şəxsin təhsil alması vacibdir.
Bu, eyni zamanda kimliyindən asılı olmayaraq hər bir vətəndaşın hüququdur.
Hər kəs kimi əlilliyi olan şəxslər də təhsil, daha doğrusu keyfiyyətli inklüziv təhsil
almaq hüququna malikdir. İnklüziv təhsilin keyfiyyətini təmin edən bir çox amillər
vardır ki, bunlardan da biri valideynlərin təhsil prosesində fəal iştirakı və təhsil
müəssisəsi ilə yaxından əməkdaşlıq etməsidir. Lakin bir çox hallarda valideynlər
müəyyən səbəblərdən – laqeydlik, səriştəsizlik, məlumatsızlıq və s. kimi
səbəblərdən bu prosesdən kənarda qalır və təhsilə öz töhfələrini verə bilmirlər.
Bunun mənfi nəticələriylə isə övladlarımız üzləşməli olur. Məhz bunu nəzərə
alaraq Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi
(RİİB) tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində
bacarıqlarının artırılması” layihəsi çərçivəsində valideynləri inklüziv təhsil və
əlillik məsələləri ilə bağlı məlumatlandırmaq üçün silsilə tədbirlərin icrası və
maarifləndirici materialların hazırlanması nəzərdə tutulmuşdur. Oxuduğunuz bu
kitabça sizi inklüziv təhsilin mahiyyəti ilə yaxından tanış etməklə yanaşı, əlilliyi
olan uşaqların inklüziv təhsilə cəlb olunması işində sizə bələdçilik edəcək.
Kitabçada eyni zamanda əlilliyi olan uşaqların valideynlərinin real həyat
təcrübəsinə əsaslanan qeydlər də öz əksini tapıb. Bu qeydlər bir daha onu
göstərir ki, uşaqların, ələlxüsus əlilliyi olan uşaqların həyatda özlərinə layiqli yer
tapmasında valideynlərin çox böyük rolu vardır. Ümid edirik bu kitabça faydalı
maarifləndirici vəsait kimi ölkəmizdə inklüziv təhsilin inkişafına dəstək olmaq
işində valideynləri həvəsləndirəcək və onlara yaxşı bələdçilik edəcək.