Abstract:
Son illərdə Azərbaycanda inklüziv təhsilin tətbiqi məsələlərinə dövlət orqanları və
qeyri-hökumət təşkilatları tərəfindən xüsusi diqqət yetirilmişdir.
Bu problemin hədsiz əhəmiyyəti və vacibliyi tədris prosesi ilə əhatə olunmayan və
sosial həyatda iştirak etməyən çox sayda uşağın mövcudluğu ilə bağlıdır. Statistik
məlumatlara görə hazırda Azərbaycanda 65482 əlilliyi olan uşaq var. Əlilliyi olan uşaqlar
əsasən xüsusi məktəblərdə, xüsusi internat məktəblərində və ya evdə təhsilə cəlb
olunmuşdurlar. Digər tərəfdən, əlilliyi olan uşaqlar üçün nəzərdə tutulan mövcud təhsil
təminatından istifadə imkanları bütün ölkəni əhatə etmir.
Buna görə əlilliyi olan uşaqların, onların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən
asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb olunmasının
təmin edilməsi çox vacibdir.
Əlilliyi olan uşaqların digər hüquqları ilə yanaşı, təhsil hüququnun qorunması və
dəstəklənməsi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Məsələn, 2006-cı il
dekabrın 13-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlilliyi
olan şəxslərin hüquqları haqqında” Konvensiya əlilliyi olan şəxslərin təhsil hüquqlarının bir
çox tərəflərini əhatə edir və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu
təşviq edir.
Vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təhsil
hüquqlarını təmin etmək məqsədi ilə “Təhsil haqqında” və “Sağlamlıq imkanları məhdud
şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunları qəbul
edilmişdir. Eyni zamanda, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun
qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial
müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq imkanları məhdud
şəxslərin təhsili və peşə hazırlığı ilə bağlı məsələlər öz əksini tapmışdır.
Ölkəmizdə inklüziv təhsilin tətbiqi ilə bağlı 2004-cü ildən başlayaraq təşəbbüslər
olmuşdur. Əlilliyi olan uşaqların təhsilinin təşkili ilə əlaqədar 2005-2009-cu illər üçün inkişaf
proqramı çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı 3 pilot layihənin icrasına başlanılmışdır.
“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi üzrə pilot məktəblərin
müəyyən edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri əsasında 4 pilot
ümumi orta təhsil müəssisəsində İT tətbiq edilir.
Sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə)
cəlb olunması üçün “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları
məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi
zəruridir. Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil
hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və
onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.
4
Eyni zamanda vurğulamaq lazımdır ki, inklüziv təhsil sahəsində layihələrin,
fəalliyətlərin səmərəli, effektiv idarə edilməsi və optimal şəkildə həyata keçirilməsi üçün
faktiki vəziyyətin, müxtəlif peşəkar kateqoriyalarının, sosial qrupların nümayəndələrinin
fikirlərini və qiymətləndirmələrini aydın şəkildə bilmək və başa düşmək lazımdır.
Bunları nəzərə alaraq, bu məqsədə çatmaq üçün ölkədə əlilliyi olan uşaqların təhsilə
cəlb edilməsini, həmçinin keyfiyyətli təhsillə əhatə olunmasını təmin etmək, mövcud
maneələri və çətinlikəri, həmçinin mövcud resursların müəyyən edilməsi məqsədilə
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən “Müəllimlərin inklüziv təhsil sahəsində
bacarıqlarının artırılması” layihəsi çərçivəsində Bakı şəhərində, Şamaxı, Quba, Ağcabədi, Şəki
və Cəlilabad rayonlarında ehtiyacların qiymətləndirilməsi məqsədilə hərtərəfli sosioloji
tədqiqat aparılmışdır.