Abstract:
“Müəllimlərin yanaşmasında kollec rəhbərlərinin liderlik xüsusiyyətlərinin öyrənilməsi:
region nümunəsində” adlı layihə əsaslı tədqiqat müəllimlərin kollec rəhbərlərinin liderlik
xüsusiyyətlərini qiymətləndirməsini və onların demoqrafik göstəricilərinin bu xüsusiyyətlərin
müəyyən olunmasına təsirini araşdırır. 1037 kollec müəllimi arasında onlayn sorğu vasitəsilə
toplanmış data kəmiyyət tədqiqat yanaşmasından istifadə olunmaqla təhlil edilmişdir.
Nəticələr göstərir ki, transformasiya liderliyi kollec rəhbərləri arasında üstünlük təşkil edən
liderlik tərzidir. Bundan əlavə, cins, təhsil səviyyəsi və ixtisas kimi demoqrafik dəyişənlərin
liderlik xüsusiyyətlərinin müəyyən olunmasına əhəmiyyətli dərəcədə təsir etdiyi aşkar edilmişdir.
Tədqiqatın diqqətəlayiq nəticəsi postsovet təhsili kontekstinə, xüsusən də Azərbaycan üçün uyğun
olan yeni ölçmə vasitəsinin təsdiqi və uyğunlaşdırılmasıdır. Bu tədqiqat transformasiya liderliyi
nəzəriyyələrinin, xüsusən də Bass və Avolio (1990) tərəfindən təklif olunanların təhsil mühitində
mədəniyyətlərarası tətbiqini təsdiq etməklə mövcud ədəbiyyata töhfə verir. Əsasən biznes və
sənaye mühitlərində aparılan əvvəlki tədqiqatlardan fərqli olaraq, bu tədqiqat kolleclərdə liderlik
davranışlarına diqqət yetirir və kontekst baxımından daha uyğun perspektiv təklif edir. Nəticələr
müxtəlif təhsil sistemlərində liderliyin qiymətləndirilməsində və inkişafında sosial-mədəni
amillərin nəzərə alınmasının vacibliyini vurğulayır.