Abstract:
Bu tədqiqatda sosial-emosional öyrənmə proqramının X bölgəsi tam orta məktəbində təhsil alan 14-17 yaşlı yeniyetmələrin özünüdərketmə, sosial dərketmə və ünsiyyət bacarıqlarına təsiri araşdırılıb. Təlim şəxsdaxili, şəxslərarası və meditasiya tapşırıqları olmaqla 3 istiqamətdə aparıldı. Təlimlər zamanı iki metod fokus qrup müsahibə və pretest-posttest özünüqiymətləndirmə anketi tətbiq olundu. Fokus qrupun informasiya məzmununun təhlili və pretest-posttest sorğusunun təsviri müqayisəsindən aydın oldu ki, şagirdlər meditasiya və psixofizioloji tapşırıqlarının əhəmiyyətliliyini təsdiqlədilər. Tədqiqatın nəticəsində, bu proqramın yeniyetmələrin sosial-emosional bacarıqlarına effektiv təsir etdiyi məlum olub. Araşdırmanın təhlilindən məlum oldu ki, tədqiqat haqqında irəli sürülən fərziyyə özünüdərketmə bacarıqları üçün təsdiqləndi. Təlimin sosial dərketmə və ünsiyyət bacarıqlarına isə qismən təsiri oldu. X bölgəsi tam orta məktəbində təhsil alan yeniyetmələrin, yaşadığı ərazidə ümumi 14 nəfər ailə yaşadığı üçün onların ünsiyyət yarada biləcəyi həmyaşıdları məhdud saydadır. Uşaqlar sosial münasibətlərdən qismən uzaq qaldığı üçün pretest-posttest sorğusunda özünüdərketmə bacarıqlarının təsviri müqayisəsi yüksək, sosial dərketmə və ünsiyyət bacarıqlarının təsviri müqayisəsi isə nisbətən aşağı nəticə göstərdi.