Abstract:
Azərbaycan universitetlərində azərbaycanşünaslıq fənninin
tədrisinin artıq müəyyən təcrübəsi olsa da, elmi-metodiki
baxımdan əsaslandırılmış az-çox ümumi bir proqramın
mövcudluğu barədə danışmaq çətindir. Bu, ondan irəli gəlir ki,
azərbaycanşünaslıq, bir fənn olaraq, öz yerini etnosşünaslıqla
ölkəşünaslıq arasında axtarır. Və tədris təcrübəsində gah
etnosşünaslığa, gah da ölkəşünaslığa üstünlük verilir.
Birinci halda etnosun (xalqın, millətin) təşəkkülü, onun əsas
əlamətlərinin (dil, ədəbiyyat, incəsənət, ümumən etnik-mədəni
sistemin) formalaşması, xalqı xalq edən dəyərlərin mənzərəsi
diqqət mərkəzinə çəkilir; ikinci halda isə ölkənin (coğrafiyanın)
etnoqrafik özünəməxsusluqları, rəngarənglikləri ön plana keçir.
ADA Universitetində deyilmiş bu mühazirələrdə
azərbaycanşünaslıq, prinsip etibarilə, etnosşünaslıq mövqeyindən
araşdırılmışdır. Lakin Universitet rəhbərliyinin (rektor, Prof.
Dr. Hafiz Paşayevin) məsləhəti ilə belə qərara gəlinmişdir ki,
sözün geniş mənasında mənbə (obyekt) kimi bədii ədəbiyyat
materialına istinad edilsin. Odur ki, hər bir mühazirə Azərbaycan
xalqının ədəbiyyatı tarixinin bütöv bir dövrünə həsr olunmaqla, həmin dövrdə qazanılmış etnik (milli) mənəvi-ideoloji dəyərlərin
sferasını, hüdudlarını müəyyənləşdirir. Ədəbiyyat isə xalqın ictimai
həyatı ilə bilavasitə bağlı olduğundan, təbii ki, mühazirəçi çox tez tez cəmiyyətin ədəbiyyatdakı obrazını da müzakirə predmetinə
çevirməyə ehtiyac duyur.
Mühazirələrdə azərbaycançılıq (ideologiya!) ilə
azərbaycanşünaslığın (elmin!) qarşılıqlı (metodoloji!) əlaqədə
təqdiminə cəhd göstərilmişdir.