Abstract:
İnklüziv təhsil sisteminin daha geniş tətbiqi yalnız mətkəblərin bu sistemə keçidi öhdəlik kimi üzərilərinə götürmələrindən asılıdır. İnklüziv təhsil üçün milli siyasətin inkişafı, yerli dəstək sistemləri, tədris proqramı və qiymətləndirmənin uyğun formasının seçilməsi və s. vacib mexanizmlərdir. Əgər məktəbdə inklüziv təhsilə müsbət yanaşma olmasa, bütün bu sadalananlar ya uğursuzluqla nəticələnəcək, ya da effektiv inklüziv təhsil təcrübələrini inkişaf etdirmək mümkün olmayacaq. Digər tərəfdən, bir çox məktəblərdə rəsmi olaraq inklüziv təhsilə keçid öhdəliyini götürməmişdən öncə də belə təhsil təcrübələrinin olduğu hallar da mövcuddur. Bu hallarda sözügedən məktəblər bütöv sistemin inkişafı üçün mühərrik rolunu oynaya bilər. Çox az məktəb inklüziv metodla prinsip olaraq razılaşmır. Bununla bərabər, bir çox məktəbin inklüziv təhsil təcrübəsinin tətbiqi ilə bağlı tərəddüdləri mövcuddur və bəziləri özlərinə lazımi dəstəyi tapa bilməməkdən ehtiyat edirlər. Buna görə də rəhbərlər və qərarverən şəxslər üçün əsas məsələ, təcrübələrini inkişaf etdirmək, yaşadıqları çətinliklərin öhdəsindən gəlmək və daha effektiv inklüziv tətbiqetməni təmin etmək üçün məktəblərlə necə işləməkdir. Aşağıdakı hissədə bu məsələlərdən danışılacaq.