Abstract:
Azərbaycanın ali təhsil sistemi ilə əmək bazarı arasında davam edən uyğunsuzluqlar məzunların bacarıqları ilə işəgötürənlərin gözləntiləri arasında əhəmiyyətli boşluq yaratmaqda və ölkənin insan kapitalının rəqabətqabiliyyətinə mənfi təsir göstərməkdədir. Qısa təhlil göstərir ki, bu uyğunsuzluq həm təhsil proqramlarının məzmun səviyyəsində, həm də struktur və idarəetmə səviyyəsində sistemli problemlərlə bağlıdır. Araşdırmanın məqsədi ali təhsil və əmək bazarı arasında yaranan uyğunsuzluqların səbəblərini müəyyənləşdirmək və beynəlxalq təcrübə əsasında milli kontekstə uyğun siyasət alternativləri təklif etməkdir. Problemin əsas səbəbləri kimi kurrikulumların əmək bazarı tələblərinə tam uyğunlaşdırılmaması, qəbul planlamasında analitik əsaslı yanaşmanın zəifliyi və rəqəmsal bacarıqlar üzrə tədris boşluqları müəyyən edilmişdir.
Bu kontekstdə üç siyasət variantı irəli sürülmüşdür: təhsil proqramlarının real sektorun tələblərinə uyğun yenilənməsi, qəbul planlamasının və məzun məşğulluğunun monitorinqinin institusional gücləndirilməsi, həmçinin rəqəmsal və texnoloji bacarıqların bütün ixtisaslarda baza kompetensiya kimi tədrisə inteqrasiyası. Araşdırma qarışıq metodologiyaya əsaslanmış, yeni elmi mənbələr, masaüstü araşdırmalar, əvvəlki keyfiyyət və kəmiyyət tədqiqatları, eləcə də müsahibələrdən əldə olunan datalar sistemli şəkildə təhlil edilmişdir. Aparılan təhlillər göstərir ki, ali təhsil və əmək bazarı arasındakı uyğunsuzluqların aradan qaldırılması üçün ən təsirli yanaşma bu üç siyasət seçiminin paralel və mərhələli tətbiqidir. Nəticə olaraq, kurrikulum islahatları, məlumat əsaslı qəbul planlaması və rəqəmsal bacarıqların gücləndirilməsi ali təhsilin əmək bazarına çevik uyğunlaşmasını təmin edir və insan kapitalının rəqabət qabiliyyətini artırır.