Abstract:
Cəlilabad rayonunda, xüsusilə kənd yerlərində qadınların təhsil və əmək
hüquqlarının məhdudlaşdırılması uzun illərdir davam edən sosial-mədəni və iqtisadi
proseslərin nəticəsi kimi formalaşmışdır. Ənənəvi patriarxal dəyərlər, “camaat nə
deyər” kimi sosial nəzarət mexanizmləri, erkən nişanlanma və nikah praktikası,
qadınlar üçün iş imkanlarının məhdud olması və hüquqi mexanizmlərin zəif icrası
qızların hətta orta məktəb zamanı təhsildən yayınmasına və qadınların əmək
bazarından kənarda qalmasına gətirib çıxarır. Bu vəziyyət qadınların iqtisadi və sosial
müstəqilliyini zəiflədir, regionun insan kapitalını zəiflədir, ailə rifahı və sosial-iqtisadi
inkişaf üçün əlavə maneələr yaradır.
Araşdırmanın məqsədi Cəlilabad rayonunda qadınların təhsil və əmək
hüquqlarının ailə və icma səviyyəsində necə məhdudlaşdırıldığını hərtərəfli öyrənmək,
bu məhdudiyyətlərin sosial-iqtisadi nəticələrini qiymətləndirmək və beynəlxalq və yerli
təcrübəyə əsaslanan siyasət alternativləri formalaşdırmaqdır. Bu məqsədlə tədqiqat
qarışıq metodologiya əsasında aparılacaq: Dövlət Statistika Komitəsinin rəsmi
məlumatlarının təhlili, beynəlxalq hesabatların (UNICEF, UNDP, Girls Not Brides və s.)
müqayisəli araşdırılması, Cəlilabad rayonundan olan ekspert ilə müsahibə və 78
qadın arasında keçirilən sorğu. Sorğunun nəticələri SPSS proqramında deskriptiv
statistik metodlarla emal ediləcək, keyfiyyət məlumatları isə tematik yanaşma ilə təhlil
ediləcək.
Tədqiqatın nəticələrinin Cəlilabad və ümumilikdə cənub bölgəsində gender
bərabərliyi siyasətinin formalaşdırılmasına, qızların təhsildən yayınmasının və erkən
nikahların azaldılması üçün hədəfli müdaxilə proqramlarının hazırlanmasına,
qadınların əmək bazarına çıxışını yaxşılaşdıran iqtisadi və sosial alətlərin
müəyyənləşdirilməsinə töhfə verməsi gözlənilir. Qadınların təhsil və əmək
hüquqlarının genişləndirilməsi sayəsində həm ailələrin rifah səviyyəsinin yüksəlməsi,
həm də regionun sosial-iqtisadi inkişafında daha balanslı və dayanıqlı modelin
formalaşması perspektivi güclənəcək. Good!