Abstract:
Abşeron yarımadasında su çatışmazlığı uzun illərdir ekoloji, sosial və iqtisadi təzyiqlər yaradan mühüm problemdir və bu tədqiqat həmin problemin əsas səbəblərini, mövcud vəziyyəti və mümkün həll yollarını sistemli şəkildə təhlil edir. Problemin analizi göstərir ki, yarımadanın təbii su ehtiyatlarının məhdudluğu ilə yanaşı, idarəetmə boşluqları və qeyri səmərəli su istifadəsi mövcud durumu daha da kəskinləşdirir. Tədqiqatın məqsədi Abşeron yarımadasında su çatışmazlığını doğuran amilləri müəyyənləşdirmək və bu problemin aradan qaldırılması üçün ən optimal siyasət variantlarını qiymətləndirməkdir.
Araşdırma nəticələri göstərir ki, ölkədə o cümlədən Abşeron yarımadasında su çatışmazlığının əsas səbəbləri üç istiqamətdə cəmlənir. Bunlar, ölkədə təbii su ehtiyatlarının son dərəcə az olması, əhali və sənaye üzrə sürətlə artan tələbatın fonunda sudan qeyri səmərəli istifadə praktikasının davam etməsi və su təsərrüfatında koordinasiya, o cümlədən qurumlararası rolların bölüşdürülməsi, habelə monitorinq və investisiya baxımından idarəçilikdə boşluqları.
Tədqiqat çərçivəsində üç əsas siyasət variantı alternativ su mənbələrinin inkişafı, su infrastrukturunun modernləşdirilməsi itkilərin azaldılması və idarəetmənin institusional gücləndirilməsi ümumi şəkildə qiymətləndirilmiş, onların tətbiq imkanları və məhdudiyyətləri müqayisə edilmişdir. Metodologiya kimi ekspert müsahibələri, ictimai sorğular, analitik icmal, beynəlxalq təcrübənin təhlili və qiymətləndirmə meyarlarına əsaslanan müqayisəli yanaşma istifadə olunmuşdur.
Aparılan təhlil göstərir ki, su itkilərinin azaldılması və suya davranış qaydalarının dəyişdirilməsi üzrə tədbirlər qısa müddətdə daha real nəticə yaradır, idarəçiliyin təkmilləşdirilməsi isə uzunmüddətli dayanıqlığı təmin edir. Əhalinin maarifləndirilməsi, kənd təsərrüfatında suya qənaət texnologiyalarının tətbiqi və infrastrukturun modernləşdirilməsi əsas tövsiyələr kimi müəyyən edilir və Abşeron yarımadasında su təhlükəsizliyinin təmin olunması üçün vacib istiqamətlər hesab olunur.