Abstract:
Beynəlxalq proqram akkreditasiyası ATM-in ayrı-ayrı proqramlarının müəyyən keyfiyyət standartlarına cavab verdiyini qiymətləndirən və təsdiqləyən bir prosesdir.
Proqram akkreditasiyası proqramlarının keyfiyyətini artırmaq, müvafiq beynəlxalq standartlara cavab vermək, bu istiqamətdə həyata keçirilən prosesləri təkmilləşdirmək və tələbələrə etibarlı təhsil vermək məqsədi daşıyır. Bu proses ATM-lərdə proqramlarının, resurslarının, tədris metodlarının, idarəetmənin, müəllim-tələbə əlaqələrinin və digər komponentlərin bu standartlara uyğunluğunu qiymətləndirir. Bu tədqiqat işi Azərbaycanda ATM-lərinin beynəlxalq proqram akkreditasiya prosesləri ilə bağlı təcrübələri öyrənmək və əldə olunan nəticələri ATM-lər ilə bölüşmək məqsədi ilə aparılmışdır. Tədqiqat 5 ATM-də 17 proqram üzrə aparılmışdır. Araşdırmada keyfiyyət metodlarından müsahibələrdən və mətn təhlilindən istifadə edilmişdir. Müsahibələr tədqiqatçı tərəfindən hazırlanan yarı strukturlaşdırılmış müsahibə forması ilə aparılmış və dataların təhlilində məzmun analiz üsulu istifadə edilmişdir. Seçmə qrup qeyri-təsadüfi yolla seçilmiş 14 müsahibdən ibarətdir.
Dataların məzmun təhlili nəticəsində aşağıda qeyd edilən mövzular kateqoriyalaşdırılmış və sıralanmışdır: agentliklər haqda məlumatlar, akkreditasiya prosesi, akkreditasiya prosesinin mərhələləri, dəyişikliklər, tələbə məmnunluğu, çətinliklər, tövsiyələr, irad və təkliflər. Araşdırmanın nəticələrinə əsasən beynəlxalq akkreditasiya prosesi yeddi mərhələdən ibarətdir: müraciət, hazırlıq, özünütəhlil hesabatı, ilkin qiymətləndirmə, sahə səfəri, yekun hesabat və təkrar monitorinq. Araşdırmanın nəticələrinə əsasən beynəlxalq proqram akkreditasiyası ATM-lərin keyfiyyət təminatı sistemlərinin institusional səviyyədə güclənməsinə, beynəlmiləlləşmə proseslərinin intensivləşməsinə, akademik və idarəedici heyətin məsuliyyətinin artmasına səbəb olur. Proses nəticəsində struktur dəyişiklikləri, tədris metodlarının yenilənməsi, müəllimlərin peşəkar inkişafı və tələbə məmnunluğunun artması müşahidə olunur. Bununla yanaşı ATM-lər beynəlxalq təcrübə qazanmaqla yanaşı növbəti akkreditasiyaya hazırlanmış olurlar. Tanınma və beynəlmiləlləşmə ATM-lərin beynəlxalq proqram akkreditasiyasına müraciətlərinin əsas səbəbləridir. Araşdırma beynəlxalq proqram akkreditasiyasına müraciət etmək istəyən digər ATM-lər üçün təlimat kimi istifadə oluna bilər.