Abstract:
Müasir dövrdə ənənəvi təhsil metodlarının effektivliyinin azalması və texnologiyanın təhsilə inteqrasiyasının sürətlənməsi yuxarı sinif şagirdləri arasında motivasiya problemini daha da aktuallaşdırır. Beynəlxalq təcrübələr göstərir ki, texnologiya və oyun əsaslı təlim metodları bu problemi aradan qaldırmaqda potensial vasitə kimi çıxış edə bilər. Bu tədqiqatın məqsədi Gürcüstanda texnologiya və oyun əsaslı tədris metodlarının yuxarı sinif şagirdlərinin motivasiyasını araşdırmaq və bu yanaşmaların effektiv tətbiqinə dair tövsiyələr təqdim etməkdir.
Tədqiqat keyfiyyət yönümlü yanaşmaya əsaslanaraq Gürcüstanın cənub regionununun 3 məktəbinin (Azərbaycan, rus və gürcü) 11-12-ci sinif şagirdləri və həmin məktəbin müəllimləri arasında aparılıb. Ümumi olaraq tədqiqat layihəsidə 18 müəllim və 18 şagird iştirak edib.
Beləliklə, motivasiya həm müəllimlər, həm də şagirdlər tərəfindən təhsilin əsas şərti kimi qiymətləndirilir və onun çatışmazlığı dərsə cəlb olunmanın və aktivliyin azalmasına səbəb olur. Eyni zamanda, müəllimin fərdi yanaşması və dərsin maraqlı təqdim olunması motivasiyanın formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Şagirdlərin məktəb, ailə və özləri ilə bağlı gözləntiləri də onların təlimə münasibətini müəyyənləşdirən əsas amillərdən biridir.
Tədqiqat göstərir ki, texnologiyanın təhsildə effektiv tədbiqi onun məqsədli şəkildə kurikuluma inteqrasiyası və müəllimin yanaşmasından asılıdır. Oyun əsaslı metodlar, interaktiv dərs və müasir resurslar şagirdlərin fəallığını və motivasiyasını artırır. Buna görə də müəllimlərin peşəkar inkişafı, dərsdə rəqəmsal platformaların məqsədyönlü tətbiqini gücləndirən əsas şərtlərdən biridir.