Abstract:
Bu tədqiqat Qazax – Tovuz regionun məktəb rəhbərlərinin data əsaslı qərarvermə
prosesində məktəb daxilində keçirilən qiymətləndirmə datasından, xüsusilə, Böyük Summativ
Qiymətləndirmə (BSQ) və məktəb daxilində keçirilən monitorinq qiymətləndirmə nəticələrindən
necə istifadə etdiklərini araşdırır. Tədqiqat keyfiyyət metodologiyası ilə aparılmışdır. Tədqiqat
çərçivəsində data toplamaq üçün müsahibə və sənəd analizi üsulu istifadə olunmuşdur. Data
toplamaq üçün mövcud ədəbiyyat təhlil olunaraq müsahibə protokolu və sənəd analizi forması
hazırlanmışdır. Qazax – Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan 6 ümumtəhsil
müəssisəsinə rəhbərlik edən məktəb direktorları ilə aparılmış müsahibələrin nəticəsində əldə
edilən data tematik təhlil edilmişdir. Bununla yanaşı həmin məktəblər üzrə son üç ili əhatə edən
məktəb sənədləri təhlil edilərək sənəd analizi zamanı alınan nəticələr müsahibə nəticələri ilə
müqasiyəli şəkildə təhlil olunmuşdur. Tədqiqat nəticəsində məktəb direktorlarının qərarvermə
prosesində daha çox məktəb daxilində keçirilən monitorinq qiymətləndirmə nəticələrindən
istifadə etdikləri müəyyən edilmişdir. Bu qiymətləndirmə nəticəsində əldə edilən data onların
tədrisin vəziyyətinin yaxşılaşdırılması, müəllimlərin pedaqoji və metodiki bacarıqlarının
artırılması, məktəbin strateji və illik inkişaf planlarının hazırlanması, məktəbdə rəğbətləndirilmə
və intizam tənbeh tədbirlərinin tətbiqi, dərs bölgüsünün həyata keçirilməsi və siniflərə
müəllimlərin təyin edilməsi kimi bir çox vacib qərarlarına təsir edir.