Abstract:
Qloballaşma proseslərinin sürətlənməsi Azərbaycan Respublikasını
da dünya əmək bölgüsünə daxil etdi. Azərbaycanın dünya
iqtisadiyyatına inteqrasiyası neft emalı sahəsinə yatırım dalğasına
səbəb oldu və bu sahədə yeni iş yerləri yaradıldı. Buna baxmayaraq,
Azərbaycanın əmək bazarında tələb və təklif arasında böyük fərq
özünü göstərir. Ali məktəb məzunlarının hazırlığının əmək bazarının
tələbləri ilə uyğunsuzluğu ali təhsil sisteminin peşəkar standartlar
sisteminə keçidi və ixtisas çərçivələrinin müəyyən edilməsi zərurətini
yaradır. Gənc mütəxəssislərin işlə təminatı məsələsinə bir tərəfdən
təhsil sisteminin səciyyəvi cəhətləri, digər tərəfdən isə əmək bazarında
yaranan dəyişkən tendensiyalar təsir göstərir. Məzunların əmək
bazarına çıxışı ilə bağlı problemlərin həlli məqsədilə əmək meyillərinin
müəyyən edilməsinə, tələbələrin peşəkar motivasiyası və əmək
davranışına həsr olunmuş monitorinq tədqiqatlarının aparılmasına
ehtiyac var. Hazırda, peşə təhsili sisteminin əmək bazarının tələbləri
əsasında təkmilləşdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet
məsələlərindən biridir. Səriştələr əsasında hazırlanmış peşə
standartlarının tətbiqi milli işçi qüvvəsinin rəqabət qabiliyyətliliyinin
artırılması və onun beynəlxalq əmək bazarına inteqrasiyası üçün əsas
alətdir.