Abstract:
Təhsil xidmətləri bazarında marketinqin əhəmiyyətini və onun effektiv təşkilinin xidmətin
keyfiyyəti, tələbə axını və təhsil müəssisələrinin uğurlu fəaliyyəti ilə əlaqəsini araşdırmaqdır.
Təhsil müəssisələrində marketinq xidmətlərinin təşkili yolları ilə bağlı olan tədqiqat keyfiyyət
metodunun fenomenologiya yanaşması vasitəsilə aparılmışdır. Təhsil xidmətləri bazarı üçün
marketinq xidmətlərinin əsas məqsəd və vəzifələrinin müəyyən edilməsi məqsədilə data toplama
texnikası - müsahibə protokolundan istifadə edilmişdir. Tədqiqatın iştirakçıları 2024-2025 tədris
ilində Gəncə-Qazax regionunda yerləşən iki ali təhsil müəssisəsində rəhbər vəzifələrdə çalışan və
orada təhsilalan tələbələrdir. Müsahibə 11 nəfər arasında aparılmışdır. Məlumatların təhlili üçün
məzmun təhlili metodundan istifadə edilmişdir.
Aparılan data təhlili göstərdi ki, təhsil xidmətləri bazarında marketinq xidmətlərinin təşkili yalnız
informasiya paylaşımı ilə məhdudlaşmamalı, strateji idarəetmə ilə inteqrasiya olunmalıdır.
Marketinq, ali təhsil müəssisələrinin rəqabət qabiliyyətini artırmaq, tələbə cəlbini gücləndirmək
və əmək bazarına uyğun proqramlar hazırlamaq baxımından həlledici əhəmiyyət daşıyır. Sosial
media və rəqəmsal platformaların rolu isə bu prosesin ayrılmaz hissəsinə çevrilmişdir.
Tədqiqatdan əldə olunan nəticələr göstərir ki, sosial media təhsil müəssisələrinin tələbələrlə
effektiv ünsiyyət qurması, özünü tanıtması və tələbələrin ehtiyac və maraqlarını qarşılamaq
baxımından strateji bir vasitədir. Bu səbəbdən, universitetlər öz sosial media siyasətini tələbə
mərkəzli, davamlı və məzmun baxımından zəngin formada qurmalıdırlar. Bu nəticələr göstərir ki, ali təhsil müəssisələri dəyişən bazar şərtlərinə uyğunlaşmaq və rəqabətə
davamlı olmaq üçün marketinq xidmətlərini sistemli və məqsədyönlü şəkildə təşkil etməlidirlər.
Təhsil sektorunda uğurlu marketinq strategiyası üçün həm daxili strukturun təkmilləşdirilməsi,
həm də xarici kommunikasiya alətlərinin peşəkar şəkildə idarə olunması vacibdir. Gələcəkdə bu
istiqamətdə rəqəmsallaşma, fərdiləşdirmə və süni intellekt texnologiyalarının daha geniş tətbiqi
gözlənilir.
Beləliklə, uğurlu marketinq strategiyası yalnız tələbə cəlbetmə prosesinə deyil, eyni zamanda
tələbələrin uzunmüddətli məmnunluğuna, bağlılığına və təhsil müəssisəsinin ictimai imicinə
müsbət təsir göstərə bilər.