Abstract:
Hər bir yeniliyin arxasında tarixi irs durur. ADA Universiteti təhsil sahəsində
öz əsas missiyasını həyata keçirərkən tariximizin zəngin sənəd və hadisələrinin
araşdırılması ehtiyacında olmuşdur. Uzun müddət bu tarixi biliklər əski əlifbada
yazıldığına görə, geniş kütləyə əlçatan deyildi. Məhz bu səbəbdən, son illər ADAnın ən vacib təşəbbüslərindən biri Azərbaycan xalqının tarixi mirasını qorumaq və
gələcək nəsillərə ötürmək üçün başlatdığı transliterasiya layihələridir.
2021-ci ildə Universitetimizin təşəbbüsü və dəstəyilə Azǝrbaycan Xalq
Cümhuriyyǝti Hökumǝtinin mətbu orqanı “Azǝrbaycan” qǝzetinin (1918-1920)
ǝrǝb qrafikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülməsi
geniş kütlə tərəfindən rəğbətlə qarşılandı və bu bizi daha da həvəsləndirdi.
Fəaliyyətimizi davam etdirərək Ömər Faiq Nemanzadə, Məhəmməd Əmin
Rəsulzadə kimi mütəfəkkirlərimizin əski əlifbadakı yazılarını “Azərbaycan Yazıları”
seriyası adı altında müasir əlifbaya transliterasiya etdik. Bu sıradan olan işlər arasında
Bakıda 1915–1916-cı illərdə çıxan həftəlik ədəbi və ictimai-siyasi satirik jurnal
“Babayi-Əmir” də var.
Əlbəttə ki, əski Azərbaycan əlifbasında yaradılan böyük bir tarixi xəzinənin
transliterasiya işinin ümumi həcmi nəhəngdir. Ümid edirik ki, bizim təşəbbüsümüz
digərlərini də bu istiqamətdə davamlı və sistematik fəaliyyətə sövq edəcək.
Bu dəfə təqdim etdiyimiz kiçik layihə isə Azərbaycanda məktəbli zəkasına
tarixi bir baxışdır. Yeri gəlmişkən deyim ki, ADA Məktəbinin şagirdləri tərəfindən
bu günümüzdə nəşr edilən “ADA-lı” jurnalı məhz belə irsin davamı kimi də qəbul
oluna bilər.
“Mütəəllim” - “elm öyrənən” deməkdir; “məktəbli; şagird” əvəzində
işlənmişdir; “əfkar” isə “fikir” sözünün cəmidir; beləliklə, “Əfkari-mütəəllimin” -
“məktəblilərin fikirləri; məktəbli düşüncələri” kimi tərcümə oluna bilər.
“Əfkari-mütəəllimin” - Gəncə məktəblilərinin kiçik bir təşəbbüsüdür.
Ziyalıların, xüsusilə də müəllimlərinin dəstəyinə ümid bağlayaraq nəşr etməyə
başladıqları jurnal, təəssüf ki, uzunömürlü ola bilməmiş, 1919-cu ilin fevral-may
aylarında cəmi 4 nömrəsi çapdan çıxmışdır. Yazıların əksəriyyəti də elə məktəblilərin
öz “qələm məhsullarıdır” və bu “hekayələrin”, “şeirlərin” bəzən uşaq sadəlövhlüyü
ilə yazıldığına təəccüb etmək lazım deyil. Bunlarla yanaşı, jurnalın səhifələrində
dövrün məşhur pedaqoqu, dərsliklər müəllifi Mirzə Abbas Abbaszadənin və başqa
bir neçə müəllimin, məşhur şair Əli Nəzminin, bir müddət Azərbaycanda və o
cümlədən Gəncədə işləmiş məşhur türkoloq Xalid Səid Xocayevin də imzalarını
görürük. “Əfkari-mütəəllimin” jurnalı Cümhuriyyət tələbələrindən Mirismayıl
Seyidzadə (“Bakı rüzgarı” adlı xatirə kitabının müəllifi İsmayıl Saryal), tanınmış
şair, filologiya elmləri doktoru, professor Mikayıl Rəfili və başqalarının ilk qələm
təcrübələrini də qoruyub saxlayır.
“ADA” Universitetinin, müasir əlifbamızda, izahlar, qeydlər və indeks
əlavəsiylə, orijinal ölçü və səhifə tərtibatına uyğun olaraq çap etdiyi jurnal, həm
mətbuat və təhsil tariximizin kiçik də olsa, bir parçasının işıqlandırılmasına, həm
də dövrün mənzərəsinin bir az daha yaxşı anlaşılmasına xidmət edəcək.
Hafiz Paşayev
ADA Universitetinin Rektoru
Description:
Bu kiçik transliterasiya layihəsi Azərbaycanda məktəbli zəkasına
tarixi bir baxışdır. “Mütəəllim” - “elm öyrənən” deməkdir; “məktəbli; şagird” əvəzində işlənmişdir; “əfkar” isə “fikir” sözünün cəmidir; beləliklə, “Əfkari-mütəəllimin” -“məktəblilərin fikirləri; məktəbli düşüncələri” kimi tərcümə oluna bilər.
“Əfkari-mütəəllimin” - Gəncə məktəblilərinin kiçik bir təşəbbüsüdür. Ziyalıların, xüsusilə də müəllimlərinin dəstəyinə ümid bağlayaraq nəşr etməyə başladıqları jurnal, təəssüf ki, uzunömürlü ola bilməmiş, 1919-cu ilin fevral-may aylarında cəmi 4 nömrəsi çapdan çıxmışdır.