Abstract:
Bu tədqiqat işi Quba – Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində çalışan məktəb idarəçilərinin fikirləri əsasında effektiv məktəb və onların effektiv məktəbin formalaşdırılması haqqında fikirlərini müəyyən etmək məqsədi ilə aparılmışdır. Tədqiqatda 12 məktəb idarəçisi iştirak etmişdir. Araşdırma keyfiyyət tədqiqat metodlarından fenomenoloji yanaşma vasitəsi ilə aparılmışdır. Dataların toplanması üçün müsahibələrdən istifadə edilmişdir. Müsahibələr tədqiqatçı tərəfindən hazırlanan yarı strukturlaşdırılmış müsahibə forması ilə aparılmış və dataların təhlilində məzmun analiz üsulu istifadə edilmişdir. Dataların məzmun təhlili nəticəsində aşağıda qeyd edilən mövzular kateqoriyalaşdırılmış və sıralanmışdır: effektiv məktəblərin xüsusiyyətləri, effektiv məktəblərdə idarəçilik, tədrisin təşkili kateqoriyası və düzgün münasibətlərin qurulması. Araşdırmanın nəticələrinə əsasən məktəb idarəçilərinin əksəriyyətinin effektiv məktəb anlayışı barədə məlumatlı olduğu müəyyən edilmişdir. Məktəb idarəçilərinin fikirlərinə əsasən effektiv məktəblərin əsas xüsusiyyətləri arasında sağlam psixoloji - pedaqoji mühitin formalaşdırılması, tədrisin şagirdmərkəzli olması, nizam-intizam qaydalarına yüksək səviyyədə əməl edilməsi, münasibətlərin düzgün qurulması, qarşıya qoyulmuş hədəflərə çatması, maddi-texniki baza və infrastrukturun əlçatan olması, müəllim peşəkarlığı, motivasiya və xoşbəxt mühit ən çox rast gəlinən amillər olmuşdur.
Nəticə etibarı ilə bu araşdırmada effektiv məktəblərin şagirdlərə fərqli təhsil mühiti təqdim etmələrinin və əlavə fəaliyyətlər həyata keçirmələrinin əhəmiyyətindən bəhs edilmişdir. Effektiv məktəblərin maraqlı tərəflərin müxtəlif gözləntilərini və ehtiyaclarını qarşılarkən motivasiyanın vacib olduğu, ünsiyyət və əməkdaşlıqların effektiv məktəblərin formalaşmasına müsbət təsir edi biləcəyi vurğulanmışdır. Həmçinin, effektiv məktəbin formalaşdırlmasında infrastruktur, maddi – texniki bazanın da mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. İştirakçılar bu tədqiqatda infrastrukturun, maddi - texniki baza ilə təchizatın şagirdlərin inkişafına, müəllimlərin fəaliyyətinə müsbət təsir göstərən bir amil kimi effektiv məktəbin əsas xüsusiyyətlərindən biri olduğunu qeyd etmişlər.