Abstract:
Müxtəlif sahələrdə təşkilatların fəaliyyətində daha çox keyfiyyətə və effektivliyə önəm verildiyi bir dövrdə məktəblərin fəaliyyəti, şagirdlərin akademik nailiyyətləri, sosial-emosional və fiziki inkişafı ilə bağlı effektivliyi də əsas problemi kimi qəbul edilir. Ona görə də dünyanın müxtəlif ölkələrində məktəblərin effektivliyi ilə bağlı məktəb idarəçi, müəllim və şagird qavrayışlarına əsasən tədqiqatlar aparılıb və aparılmaqdadır. Bu tədqiqatda şagird qavrayışlarına görə Qazax-Tovuz Regional Təhsil İdarəsinin əhatə dairəsində fəaliyyət göstərən məktəblərin effektivliyi ilə bağlı məmnuniyyət araşdırılıb. Tədqiqatın populyasiyası regionda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 30824 nəfər şagirddən ibarət olub. Tədqiqatın aparılması üçün Tor və Yavuz (2019) tərəfindən hazırlanmış 5`li Likert tipli “Məktəb Effektivliyi Sorğusu”ndan istifadə edilib. Tədqiqatda istifadə olunan data SPSS 25.0 proqramından istifadə edilməklə təhlil olunaraq məktəb effektivliyinə dair qavrayışların ədədi ortası hesablanıb, həmçinin şagirdlərin cinsi, oxuduğu sinif və təhsil müəssisəsinin yerləşdiyi ərazi dəyişkənlərinə görə fərqlilik olub-olmadığını müəyyənləşdirmək məqsədilə t-testi və dispersiya analizindən (One Way ANOVA) istifadə olunub. Təhlillərin nəticələrinə əsasən şagirdlərinin məktəb effektivliyi barədə qavrayışlarının ədədi ortası “yüksək” olub ki, bu da məmnuniyyətin yüksək olduğu göstərir. Şagirdlərin cins və oxuduqları sinif dəyişkənləri baxımdan şagirdlərin qavrayışlarında hər hansı bir fərqlilik müşahidə olunmayıb. Lakin məktəbin yerləşdiyi ərazi baxımdan şagirdlərin qavrayışlarında fərqlilik aşkar edilib. Belə ki, şagirdlərin şəhər və kənd üzrə məmnuniyyət göstəricisinin “yüksək”, qəsəbə üzrə göstəricisinin isə “orta” olduğu məlum olub.