Abstract:
Bu tədqiqat Bakı şəhərində yerləşən bir internat məktəbində təhsil alan VII–IX sinif şagirdlərinin karyera planlaması və karyera qayğıları ilə bağlı vəziyyətini araşdırır. Tədqiqatın məqsədi internat məktəblərində şagirdlərin karyera planlarını və qayğılarını sistemli şəkildə araşdırmaq, karyera qayğısı ilə bağlı mövcud dəstək mexanizmlərinin səmərəliliyini öyrənməkdir.
Tədqiqatda 11 şagird iştirak etmişdir. Əlavə olaraq internat məktəbinin pedaqoji heyəti ilə fokus qrup müsahibəsi aparılmışdır. Araşdırma situasiya tədqiqatı yanaşmasına əsaslanmış, datalar yarı strukturlaşdırılmış müsahibə forması vasitəsilə toplanmış və məzmun təhlili üsulu ilə analiz edilmişdir.
Əldə olunan nəticələr göstərir ki, internat məktəblərində karyera istiqamətində dəstək əsasən formal xarakter daşıyır, peşə tanıtımı və mentorluq imkanları məhduddur, informasiya texnologiyalarına çıxış isə zəifdir. Resurs çatışmazlığı şagirdlərin gələcək həyata hazırlanmasında ciddi maneə yaradır. Şagirdlər arasında özünə inamsızlıq, qeyri-müəyyənlik və emosional yüklənmə halları müşahidə olunur. Müəllimlərin fərdi təşəbbüsləri müəyyən müsbət təsir göstərsə də strukturlaşdırılmış və sistemli dəstək mexanizmlərinin olmaması karyera planlamasına mənfi təsir edir. Araşdırma nəticəsində sosial-koqnitiv karyera nəzəriyyəsi və özünü-determinasiya nəzəriyyəsi kontekstində internat məktəbləri üçün adaptiv və ehtiyacyönümlü karyera dəstəyi modellərinin hazırlanması təklif olunur.