Abstract:
Bu magistr dissertasiyası müəllim-şagird münasibətlərinin şagirdin öyrənməsindəki rolunu araşdırır.
Tədqiqatın əsas məqsədi bu münasibətlərin şagirdlərin akademik uğurlarına, dərsə marağına,
motivasiyasına və emosional inkişafına necə təsir etdiyini müəyyənləşdirməkdir. Əsas tədqiqat sualı
müəllim-şagird münasibətlərinin öyrənməyə təsirini anlamaq və bu münasibətlərin müəllim və şagirdlər
tərəfindən necə dəyərləndirildiyini öyrənməkdir.
Araşdırmanın nəzəri bazasını bağlılıq nəzəriyyəsi təşkil edir. Bu nəzəriyyəyə görə, uşaqların sosial və
akademik inkişafı üçün emosional təhlükəsizlik və sabit münasibətlər həlledici rol oynayır; müəllimşagird münasibətləri də bu təhlükəsiz və inamlı əlaqələrin bir hissəsi hesab olunur.
Tədqiqat keyfiyyət metodologiyası çərçivəsində fenomenoloji yanaşmaya əsaslanmışdır. Məlumatlar
Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən iki orta məktəbdə çalışan 4 müəllim və 10 şagirdlə
yarı strukturlaşdırılmış fərdi və qrup müsahibələri vasitəsilə toplanmışdır. Toplanan məlumatlar tematik
analiz üsulu ilə təhlil edilmişdir.
Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, səmimiyyət, hörmət, fərdi yanaşma və emosional dəstək
əsasında qurulmuş müəllim-şagird münasibətləri şagirdlərin dərsə marağını artırır, onların motivasiyasını
və özünə inamını gücləndirir, təhsil prosesində daha fəal iştiraklarına şərait yaradır. Əksinə, sərt, soyuq
və anlayışsız münasibətlər şagirdlərin özünü ifadə etməsinə mane olur, onların dərsə marağını və
öyrənmə keyfiyyətini azaldır.
Dissertasiya müəllimlər üçün praktik tövsiyələr təqdim etməklə yanaşı, müəllim-şagird münasibətlərinin
təhsilin keyfiyyətindəki roluna dair ədəbiyyata orijinal töhfə verməyi və bu sahədə gələcək tədqiqatlar
üçün yeni perspektivlər açmağı hədəfləyir.