Abstract:
Bu tədqiqatın məqsədi məktəb idarəçilərinin iştirak etdikləri peşəkar inkişaf proqramlarının onların fəaliyyətində nə kimi əhəmiyyəti olduğunu aşkarlamaqdır. Bu tədqiqat keyfiyyət metodunun fenomenoloji yanaşması ilə dizayn edilmişdir. İştirakçılar qəbul edilmiş meyara əsasən qeyri- təsadüfi seçmə üsulu ilə müəyyən edilmiş 11 məktəb idarəçisindən ibarətdir. Məktəb idarəçilərinin seçilməsində istifadə olunan meyar son 5 ildə peşəkar inkişaf proqramlarında iştirak etmiş olmasıdır. Bu tədqiqatda məlumatlar yarımstrukturlaşdırılmış müsahibə forması ilə toplanmışdır. Müsahibə sualları tədqiqat sualı əsasında müəyyən edilmişdir. Tədqiqat nəticələri göstərir ki, peşəkar inkişaf proqramları məktəb idarəçilərinin idarəetmə, liderlik, psixososial və analitik bacarıqlarını gücləndirərək onların məktəbdə daha sistemli, empatik və inkişafyönümlü yanaşmalar tətbiq etməsinə şərait yaratmışdır. İştirakçılar bu proqramların təcrübə mübadiləsi, şəxsi və peşəkar inkişaf, eyni zamanda yeniliklərin öyrənilməsi və tətbiqi baxımından əhəmiyyətini vurğulasa da, bəzi sahələrdə tətbiq çətinlikləri və proqramların daha çevik, praktik və ehtiyaclara uyğunlaşdırılmasının vacibliyini qeyd etmişlər.