Abstract:
Bu tədqiqatın məqsədi məktəb xoşbəxtliyinə təsir edən amilləri şagirdlərin perspektivindən araşdırmaqdır. Tədqiqat 2024-2025-ci tədris ilinin ikinci yarımilində Qazax-Tovuz Regional Təhsil İdarəsinin əhatə dairəsində fəaliyyət göstərən iki ümumtəhsil məktəbində həyata keçirilmişdir. 433 şagirdin iştirak etdiyi tədqiqatda data toplamaq üçün “UNESCO Xoşbəxt Məktəblər Çərçivəsi”ndən istifadə edilmişdir. Tədqiqat nəticələri şagirdlərin məktəb xoşbəxtliyinə dair qavrayışlarının yüksək səviyyədə olduğunu göstərmişdir. Bundan əlavə, şagird qavrayışlarının cins dəyişəninə görə fərqlənmədiyi, oxuduğu sinif və məktəbin yerləşdiyi ərazi dəyişəninə görə isə qruplar arasında statistik olaraq əhəmiyyətli fərqliliklərin olduğu müşahidə olunmuşdur. Tədqiqat nəticələri göstərmişdir ki, şagirdlərin sinif səviyyəsi yüksəldikcə onların xoşbəxtlik səviyyəsi azalır. Həmçinin, şəhər məktəblərində təhsil alan şagirdlərin xoşbəxtliklə bağlı qavrayışlarının kənd məktəblərində təhsil alanlara nisbətdə daha aşağı olduğu müşahidə olunmuşdur. Bundan əlavə, açıq tipli suallara verilən cavablar “UNESCO Xoşbəxt Məktəblər Çərçivəsi”nə uyğun olaraq təsnif olunmuş və müvafiq kateqoriyalarda yerləşdirilmişdir. Şagirdləri məktəbdə ən çox xoşbəxt edən səbəblər arasında sinif yoldaşları ilə vaxt keçirmək, müəllimləri tərəfindən xoş rəftar görmək, dostları ilə ünsiyyətdə olmaq kimi faktorlar üstünlük təşkil etdiyi halda, ən çox məyus edən səbəblər arasında isə uşaqların bir-biri ilə kobud rəftarı, bullinq halları və müəllimlərin uşaqlara qarşı nəzakətsiz davranışları, ayrı-seçkilik etmələri kimi faktorlar yer almışdır. Həmçinin, şagirdlərin xoşbəxt məktəbin xüsusiyyətlərinə dair düşüncələri arasında müəllimlərin və şagirdlərin bir-biriləri ilə mehriban, səmimi və nəzakətli olduğu və bir-birlərinə dəstək olduğu məktəb, dərslərin əyləncəli keçirildiyi və hər kəsin iştirakının təmin olunduğu dərslər, şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi ən çox vurğulanan xüsusiyyətlər olmuşdur. Son olaraq, məktəbdə tədris və öyrənməni əyləncəli və zövqlü edən meyarlar ilə bağlı şagirdlər dərsdə müəllimlərin enerjili və pozitiv olması, şagirdlərlə mehriban və xoş rəftarı, oxuyub öyrənmək əvəzinə praktik olaraq tətbiq edilən dərslər, oyunla tədris, həyatla inteqrasiya olunan tədris planları kimi faktorları qeyd etmişlər.