Abstract:
Təbiət fənninin məzmunu müxtəlif elm sahələrini birləşdirən və kompleks yanaşma tələb edən bir quruluşa malikdir. Bu baxımdan tədqiqatın məqsədi, 6-cı sinif təbiət fənninin tədrisində müəllimlərin fənlərarası inteqrasiyanı təmin etmək üçün interaktiv təlim metodlarından istifadəsini və bu metodların fənlərarası inteqrasiyanın həyata keçirilməsində əhəmiyyətini dərindən araşdırmaq, həmçinin əldə edilən nəticələr əsasında onların peşəkar inkişafını dəstəkləmək üçün tövsiyələr təqdim etməkdir.
Tədqiqat keyfiyyət yönümlü metodologiyaya əsaslanaraq aparılmış və məlumatlar seçilmiş dövlət ümumtəhsil məktəbində həyata keçirilmiş müsahibələr və müşahidələr vasitəsilə toplanmışdır. Təhlil nəticələri göstərmişdir ki, müəllimlər interaktiv təlim metodlarına müsbət yanaşsalar da, bu metodların tətbiqi əsasən sual-cavab və fərdi iştirakla məhdudlaşır. Qrup işi kimi əməkdaşlığa əsaslanan üsullara isə müşahidə edilən dərslərdə rast gəlinməmişdir. Fənlərarası inteqrasiya daha çox coğrafiya və riyaziyyat fənləri ilə əlaqələndirilmiş, digər fənlərlə inteqrasiyanın təşkili isə zəif olmuşdur.
Tədqiqat nəticələri göstərir ki, interaktiv təlim metodlarının məqsədyönlü və sistemli tətbiqi, eləcə də fənlərarası inteqrasiyanın təkmilləşdirilməsi üçün müəllimlərin metodiki dəstəyə və resurslarına ehtiyacı var.