Abstract:
Müəllimlərin tədqiqat bacarıqlarının inkişafı təhsilin inkişafı baxımından önəmli istiqamətlər arasında yer alır. Müəllimlərin tədqiqat prosesindən gözləntilərini və bu prosesdə yaşadıqları təcrübələri öyrənmək bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu tədqiqatda Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə tabe olan ümumtəhsil məktəblərində fəaliyyət göstərən, həmçinin magistratura təhsili alan yeddi müəllimin tədqiqat prosesindən gözləntiləri və bu proseslə bağlı təcrübələri araşdırılıb. Tədqiqatın aparılmasında keyfiyyət metodundan, fenomenoloji yanaşmadan, tematik təhlildən istifadə olunmuşdur. Tədqiqat zamanı data yeddi müəllimlə aparılmış müsahibələrdən əldə olunmuşdur. Təhlillərin nəticələrinə əsasən magistratura təhsili alan müəllimlərin tədqiqat prosesindən gözləntilərinin, əsasən, qarşılaşdıqları reallıqla üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Tədqiqat dərsləri alan müəllimlərin gözləntilərinin tədqiqat dərsləri almayan müəllimlərin gözləntilərinə nisbətən daha çox qarşılandığı müəyyən olunub. Bu prosesdə iştirak edən müəllimlərin bir çoxunun bilik və bacarıqlarını artırmaq yönündə müsbət, əməkdaşlıq, resursların əlçatanlığı, dəstəklənmə yönündə mənfi təcrübələr yaşadıqları məlum olub.