Abstract:
Ümumi təhsil müəssisələrində idarəetməni yaxşılaşdırmaq üçün innovativ addımların atılması vacib məsələdir. Məktəb mühitində innovativ addımların müəyyən edilməsi planlaşdırılan nəticəyə çatmaqda mühüm rol oynayan amillərdən biridir. Bu layihə əsaslı tədqiqatın da əsas məqsədlərindən biri də ümumi təhsil müəsssisələrindəki idarəetmə problemlərini müəyyən etmək və bu problemləri innovativ addımlar vasitəsilə həll etmək olmuşdur. Layihə əsaslı tədqiqat “Məktəbin idarəetməsini yaxşılaşdırmaq üçün innovativ addımlar” mövzusunda aparılmışdır. Layihə əsaslı tədqiqatın aparılması üçün keyfiyyət tədqiqat metodunun fokus qrup müzakirə üsulundan istifadə edilmiş və fokus qrup müzakirələr onlayn şəkildə keçirilmişdir. Fokus qrup müzakirə iştirakçılarının sayı ümumi 18 nəfərdən ibarət olmuşdur. Layihə əsaslı tədqiqatın aparılması üçün məkan olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (RTİ) və bu idarəyə tabe olan məktəblər seçilmişdir. Layihə əsaslı tədqiqatda məktəb idarəetməsində mövcud olan problemlər fokus qrup müzakirə iştirakçıları tərəfindən səsləndirilmiş və bu problemlərin həlli üçün iştirakaçıların təcrübələri əsasında təkliflər alınmış və capstone layihəsinə əlavə edilmişdir. Toplanan məlumatların təhlili nəticəsində tədqiqatçıların da təklifləri capstone layihəsinə əlavə edilmişdir. Capstone layihəsindən əldə edilmiş məlumatlar əsasında son məhsul olaraq “broşür” hazırlanmışdır. Broşürdə layihə haqqında ümumi məlumat, tədqiqatçılar haqqında məlumat, onların əlaqə vasitələri, fokus qrup müzakirə iştirakçılarının və tədqiqatçıların təklifləri öz əksini tapmışdır. Yekun olaraq, layihənin nəticələrini özündə əks etdirən broşür aidiyyəti üzrə Regional Təhsil İdarəsinə, yerli Təhsil Sektorlarına, Ümumi Təhsil müəssisələrinin rəhbərlərinə və müəllimlərə təqdim edilmiş və digər məktəblərə nümunə model kimi faydalı olacağı düşünülmüşdür