Abstract:
Bu kitab Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi
münasibətilə nəşr olunub. Üç cilddən ibarət kitabın I cildində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü
ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamı, H.Ə.Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı və Ulu Öndərin Azərbaycan Respublikasının Ali
Sovetinə sədrlik etdiyi dövrdə parlamentin 1993-cü il 15 iyun – 16 iyul tarixlərindəki iclaslarının stenoqramları dərc olunub.
II cildə ölkə parlamentinin 1993-cü il 27 iyul – 17 avqust, III cildə isə həmin il 1-29
sentyabr tarixlərində keçirilmiş iclaslarının stenoqramları daxil edilib.
İlk dəfə geniş ictimaiyyətə təqdim olunan bu stenoqramlar müstəqilliyimizin
ilk illərində xalqımızın mürəkkəb tarixi-siyasi proseslərlə, dövlətçiliyimiz üçün
obyektiv və subyektiv səbəblərdən yaranmış real təhlükələrlə üzbəüz qaldığı bir
dövrdə Heydər Əliyevin qeyri-adi idarəçilik bacarığının, qətiyyətli, uzaqgörən
siyasətçi kimi parlamentin mövcud imkanlarını milli maraqlar naminə lazımi
məcraya yönəltmək iqtidarına malik qüdrətli şəxsiyyət olmasının sənədli sübutudur.
Kitab müstəqillik tariximizin ən keşməkeşli dövrünü araşdıran tədqiqatçılar,
elm adamları və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.